“Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı – Vətən və Qərbi Azərbaycan” mövzusunda tədbir keçirilib
Qərbi
Azərbaycan İcması, ADPU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi, “Cosmoline”
Tərcümə və Araşdırma Mərkəzi və “Müvəkkil” Hüquq Mərkəzinin təşkilatçılığı və
ednews.az saytının
informasiya dəstəyi ilə sentyabrın 25-də “Milli yaddaşın zəfəri: Tarixi
Qayıdışın Məramı – Vətən və Qərbi Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirin
məqsədi Azərbaycanın tarixi yaddaşının qorunması, Qərbi Azərbaycanın tarixi,
burada yaşamış azərbaycanlıların mədəni irsi, yaşayış məskənləri və toponimləri
ilə bağlı araşdırmaların genişləndirilməsi, eləcə də bu istiqamətdə əldə olunan
məlumatların gələcək nəsillərə çatdırılmasının əhəmiyyətinə diqqət çəkmək olub.
Tədbir
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə
giriş sözü ilə çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,
professor, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova şəhid
və qazilərin Azərbaycanın tarixi Zəfərinin qazanılmasındakı xidmətlərindən
danışıb. O, “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin fəaliyyətini yüksək
qiymətləndirərək, mərkəzin tərcümə və araşdırma istiqamətində gördüyü işlərin əhəmiyyətini
vurğulayıb. M.Hüseynova Qərbi Azərbaycan İcması və universitetlərdə fəaliyyət
göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzləri ilə “Cosmoline” Tərcümə və
Araşdırma Mərkəzi arasında əməkdaşlığın qurulmasının, elmi araşdırmaların tərcümə
və mənbə bazasının zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib.
Professor,
həmçinin, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, BMT tərəfindən Qərbi Azərbaycan
İcmasının 14 sənədi yayımlanıb. Professor Qarabağın işğaldan azad olunmasını Qərbi
Azərbaycana dinc, təhlükəsiz və ləyaqətli qayıdış istiqamətində mühüm mərhələ
kimi qiymətləndirib.
“Cosmoline”
Tərcümə və Araşdırma Mərkəzinin icraçı direktoru Tünzalə Əsədova çıxışında
milli yaddaşın qorunması, tarixi məlumatların düzgün araşdırılması və gələcək nəsillərə
etibarlı şəkildə çatdırılması baxımından erməni dilindən tərcümənin xüsusi əhəmiyyət
daşıdığını bildirib.
İcraçı
direktor “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən
birinin erməni dilində olan sənədlərin Azərbaycan dilinə peşəkar və dəqiq tərcüməsi
olduğunu vurğulayıb. O qeyd edib ki, bu sahədə tərcümənin yalnız dil baxımından
deyil, həm də tarixi və mənbəşünaslıq baxımından düzgün aparılması vacibdir.
T.Əsədova
erməni dilində olan tarixi sənədlərin, arxiv materiallarının və digər yazılı mənbələrin
Azərbaycan dilinə dəqiq və peşəkar şəkildə tərcüməsinin Qərbi Azərbaycanın
tarixi ilə bağlı faktların ilkin mənbələr əsasında araşdırılmasına imkan
yaratdığını bildirib. Həmçinin, erməni dilindəki tarixi sənədlərin orijinal mənbələr
əsasında araşdırılması və Azərbaycan dilinə dəqiq tərcümə olunmasının tarixçilər,
tədqiqatçılar və araşdırmaçılar üçün mühüm elmi materialların əlçatanlığını
artırdığını və tarixi məlumatların təhrif olunmadan öyrənilməsinə xidmət
etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, erməni müəlliflər tərəfindən
hazırlanmış materialların ilkin mənbə kimi araşdırmaya cəlb olunmasının tarixi
faktların müqayisəli şəkildə öyrənilməsinə imkan verdiyini bildirib.
ADPU-nun
Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru
Leyla Cəlalova çıxışında ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla
bağlı fikirlərinə toxunub. O, Heydər Əliyevin Qərbi Azərbaycandan deportasiya
olunmuş azərbaycanlıların tarixi torpaqlarla bağlı yaddaşının qorunmasına və bu
məsələnin gələcək nəsillərə çatdırılmasına verdiyi əhəmiyyəti qeyd edib.
“Müvəkkil”
Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov çıxışında Qərbi Azərbaycan
mövzusunda keçirilən tədbirlərin tarixi məlumatların gələcək nəsillərə
çatdırılması və hüquqi məsələlərə diqqətin artırılması baxımından əhəmiyyətindən
danışıb.
Tədbirdə
“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin baş tərcüməçisi və layihə rəhbəri Həsən
Əhmədov, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin Qərbi
Azərbaycan Araşdırmaları Mərkəzinin əməkdaşı Süsənbər Ağamalıyeva, həmçinin Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova çıxış
ediblər.
Tədbir
zamanı Qərbi Azərbaycan və Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilib.